Müəllim / Sual
02 oktyabr 2016
13 689


Ən çox soruşulan 34 SUALA CAVABLAR....

 

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

 

1.Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

- Əmək müqaviləsi bildirişi "Elektron Hökumət” portalı üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə həyata keçirilir. Bildiriş forması işəgötürənlər tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə nazirliyin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edilir. Bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.

 2.İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bildirilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

3.Qısaldılmış iş vaxtı qanunla necə müəyyən edilir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsində bildirilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

4.Əmək qabiliyyəti olmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

- Əmək qabiliyyəti olmayan şəxslərin əhatə dairəsi "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda əksini tapıb. Qanunda əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18  yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları aid edilib.

5.İşçi qanunla hər gün neçə saat işləməlidir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman - tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş  vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

6.İşaxtaran kimi qeydiyyata alınmaq üçün hansı sənədlər tələb olunur?

-"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.

Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydiyyata alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.

7.Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?

- Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

8.İşçinin intizam məsuliyyətinə cəlb olunmasının hansı hüquqi aspektləri vardır? İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

 -Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.  İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən (töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) birini verə bilər. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Məcəllənin 190-cı maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

9.Gündəlik və həftəlik normal iş vaxtının müddəti nə qədər olmalıdır?

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddətinin isə 40 saatdan artıq müəyyən edilməsinə yol verilmir.

10.Mən təxminən iki həftədən sonra işdən çıxacağım barədə işəgötürəni ərizə ilə xəbərdar etmişəm. Lakin bir həftədən sonra işdən çıxmaq barədə fikrimdəm daşındım. Mən həmin ərizəni geri götürə bilərəmmi?

-Ölkəmizin əmək qanunvericiliyində bildirilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.


11.Bir sıra hallarda əcnəbi işçilərə yerli işçilərlə müqayisədə daha artıq əmək haqqı verilir. Bu, düzgündürmü?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 13.3-cü maddəsinə əsasən əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.

12.Əmək müqaviləsi müddətsiz bağlana bilərmi?

- Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 il müddətə (müddətli) bağlanıla bilər. Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

13.Bəzən iş yerində bütün işçilər eyni vaxtda əmək məzuniyyətinə çıxmaq arzusunda olur. Belə hallarda müəssisə rəhbərliyi nə etməlidir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133.1 və 133.2-ci maddələrinə əsasən,  müəssisə, idarə və təşkilatlarda istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Bu iş hər il yanvarın sonunadək yerinə yetirilməlidir. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiqlənir.

14.Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?

-Ölkəmizin əmək qanunvericiliyində 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edildiyi əksini tapır. Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında əmək məzuniyyətinə buraxılırlar. Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.

15.İki yaşında uşağım var və onu təkbaşına böyüdürəm. Hər hansı bir müəssisədə işə qəbul olunsam, mənimlə sınaq müddəti müəyyən edilməlidirmi?

-Xeyr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsində hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə işə qəbul edilərkən sınaq müddətinin müəyyən edilmədiyi bildirilir. Həmin maddədə yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılmış şəxslərlə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddətinin müəyyən edilmədiyi əksini tapıb.

16.Əmək şəraiti ağır olan işlərdə əmək haqqına artımlar müəyyən olunmalıdır?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Belə artımların (əmsalların) məbləğinin minimum məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

17.Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün müəssisələrdə kvota müəyyən edilməsi hansı qaydada tənzimlənir?

-"Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına - 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri aiddir.

Kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Müəssisələrdə kvota müəyyən edilərkən  və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ-hüquqi aktlar ilə qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə iş yerlərinin ayrılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na əsasən həyata keçirilir.  Həmin Qaydaya əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:

-işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur;

-işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla);  

-işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla). 

18.Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir və bu müddət işçinin faktik olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə sınaq müddəti bağlanılmır. Həmçinin təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanmış şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Bu müddət qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

19.Vətəndaşlığı olmayan şəxslə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanılarkən ondan əmək kitabçası tələb edilməlidirmi?

-Xeyr, bir sıra şəxslərlə əmək müqaviləsi bağlanarkən onlardan əmək kitabçası tələb olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.3-cü maddəsinə əsasən məcburi köçkünlər, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

20.Əmək haqqından gəlir vergisi və sosial sığorta haqqı hansı qaydada tutulmalıdır?

-Əmək Məcəlləsinin 176.2-ci maddəsinə görə əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

İşçinin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (136 manat) azaldılır və qalan hissənin 14 faizi gəlir vergisi kimi tutulur. Əmək haqqı 2500 manatdan çox olduqda isə 2500 manata qədər olan hissənin 14 faizi və 2500 manatdan çox olan hissənin isə 25 faizi gəlir vergisinə cəlb edilir. Sosial sığorta haqqı isə işçinin əmək haqqının 3 faizi və müəsissənin əmək haqqı fondunun 22 faizi miqdarında tutulur.

21.Hansı hallarda əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48.5-ci maddəsinə əsasən işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

22.Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?       

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.  Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan bir sıra hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.

 Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə Əmək Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

 
23.Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş hansı şəxslərə və hansı müddət ərzində birdəfəlik pul müavinəti verilir?


"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının 4 misli məbləğində birdəfəlik pul müavinəti verilir.

Cəza çəkmə müəssisəsindən azad edilmiş şəxsin rəsmi müraciəti əsasında Əhalinin sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən müvafiq komissiya tərəfindən onun müavinət almaq hüququna 10 gün ərzində baxılır. Hüquq yaranarsa, növbəti aydan ödəniş təmin edilir.

24.İşçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsinin məzmunu və quruluşu necə olmalıdır?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində mütləq bu əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; işçinin iş yeri, vəzifəsi (peşəsi); əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; əmək müqaviləsinin müddəti; işçinin əmək funksiyası; işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;  tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

25.Azərbaycan Respublikasının Əmək Məcəlləsi hansı şəxslərə şamil edilmir?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir.



26.Mənimlə əmək müqaviləsi bağlanarkən mənə 3 aylıq sınaq müddəti təyin olunub. Mən xəstə olduğum üçün bir həftə işə çıxa bilmədim. Bu müddət həmin sınaq müddətinə daxil edilməlidirmi?

-Xeyr. Əmək qanunvericiliyində işçinin əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlərin sınaq müddətinə daxil edilmədiyi bildirilir.

27.Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.

İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.


28.İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən qanunvericilikdə nəzərdə tutulan əmək şəraitini təmin etməlidir. Bu əmək şəraitinə peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyənləşdirilməsi, həmçinin əməyə görə haqqın miqdarının müəyyən edilərək ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən olunması daxildir. Əmək şəraitinin təmin olunması həmçinin sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi, istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunması, işçilərin məcburi dövlət sosial sığorta edilməsi, əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması, insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması, əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan digər şərtləri nəzərdə tutur. Əmək Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Məcəllənin 55-ci maddəsinə əsasən isə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

İşəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl işçini xəbərdar etməyə borcludur. Belə ki, Əmək Məcəlləsinin 56-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir və işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulan qaydada xitam verilə bilər. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

29.İlk dəfə iş axtaran şəxs işsizlik müavinəti ala bilərmi?

- "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ilk dəfə işaxtaran vətəndaşlar işsizlik müavinəti almaq hüququna malik deyillər.

30.İşaxtaran vətəndaşlar hansı hallarda peşə hazırlığı və əlavə təhsilə cəlb edilirlər?

-"Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında (yəni rayon və ya şəhər Məşğulluq Mərkəzlərində) qeydiyyata alınmış işaxtaranların peşə hazırlığı və əlavə təhsilə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir:

- işaxtaranın lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda;

- işaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduqda;

-. işaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə.

31.Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə nə qədər dəfn üçün müavinət verilir?

-"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.  Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Yəni hazırda əmək pensiyaçısı vəfat etdikdə ödənilməli olan dəfn üçün müavinətin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində həmçinin bildirilir ki, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün birdəfəlik müavinət həmin şəxslərə ödənilir.

32.Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

-"Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"nin 74-cü maddəsinə əsasən işləyən valideynə uşağın doğulmasına görə birdəfəlik müavinət onun iş yeri üzrə uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon (şəhər) şöbəsi tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzi vasitəsilə ödənilir. Uşaq doğuşuna görə müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

33.Fəxri adlara görə təqaüdlər hansı təşkilat tərəfindən verilməlidir?
-"Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 04 iyul 2005-ci il tarixli 878 nömrəli  Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

34.Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

-"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə sınaq müddəti müəyyən edilməlidirmi?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

Əmək münasibətlərinə aid 10 SUAL - 10 CAVAB

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi düzgündürmü?

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...