Xəbərlər
02 fevral 2017
3 168


“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

“Bağçaların, peşə məktəblərinin binalarını dəyər-dəyməzə satdıq” -Nadir İsrafilov

 

"Artıq həm Təhsil Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verilib ki, peşə təhsili Azərbaycanda geniş vüsət almalıdır.”
 
Bu sözləri yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı bildirib. Ölkə başçısı peşə təhsili ilə bağlı bir çox həlli vacib məsələləra toxunaraq onu da əlavə edib ki, peşə təhsilinin inkişafı gələcək illər üçün prioritet olacaqdır və yeni peşə məktəblərinin tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılacaq.
 
Aztehsil.com xəbər verir ki, tanınmış təhsil eksperti Nadir İsrafilov AİM.az–a məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, Prezidentin gənclərlə görüşündə bu məsələyə xüsusi önəm verməsi təqdirəlayiq haldır, peşə təhsili sisteminin gələcək inkişafına tam əminlik yaradır:  "Bildiyiniz kimi, hazırda bu məsələ diqqət mərkəzində saxlanılır. Təhsil Nazirliyində orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlanır. Təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də nəzərdə tutulub. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.”
 
Təhsil eksperti həmçinin bildirib ki, bir vaxtlar peşəyönümü işi elə erkən yaş dövrlərindən məktəblərdə təlim- tərbiyə işinın ən başlıca komponentlərindən biri sayılardı və sadə peşə sahiblərinə xüsusi rəğbət bəslənilər, lazımı diqqət və qayğı göstərilərdi, onların şəninə şerlər yazılar, mahnılar qoşulardı: "90-cı illərin əvvəllərində müstəqillik əldə etməyimizlə əlaqədar, keçid dövrünün boşluqlarından istifadə edib, Təhsil Nazirliyinin o zamankı rəhbərliyinin ifrat hərisliyi ucbatından nazirliyin tabeliyində olan bir çox bağçaların, o cümlədən peşə məktəblərinin profilləri dəyişdirildı. Onlara məxsus binalar, eləcə də ərazilər özəlləşdirmə adı ilə hərraca çıxarılaraq dəyər-dəyməzinə satildı. Bunların bəzilərinin yerində şadlıq evləri, gözəllik salonları və göydələnlər tikildi. Bununla da bağça və peşə təhsili tamamilə çökdürüldü. Olan-qalan peşə məktəbləri də imic xatirinə heç bir səmərəsi olmayan peşə liseylərinə çevrildi. İndi də peşə hazırlıqlı kadr axtarışına başlamışıq, bu məqsədlə yenı saziş və müqavilələr imzalayırıq. Halbuki hələ 1999-cu ildə qəbul edilən İslahat Proqramında fəaliyyətdə olan bağçaların təkmilləşdirilməsi, yeni tipli tədris komplekslərinin açılması, əmək bazarının təlabatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssıs kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texnikı peşə məktəblərinin yaradılması nəzərdə tutulmuşdu.”
 
Ekspertin fikrincə, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər)” qəbulundan kifayət qədər vaxt ötüb və Prezidentin müvafiq Sərəncamında ölkəmizdə dinamık inkişaf edən iqtisadiyyatın peşə ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi məqsədilə mühüm vəzifələr müəyyənləşdirilib, təhsilin bu pilləsi ən axsayan və ən çox tənqidə məruz qalan sahələrdən biri olaraq qalmaqdadir: "Əgər xatırlayırsızsa, Azərbaycanda ilk Avropa oyunları ərəfəsində Təhsil naziri Mikayıl Cabbarov yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrların tapılmamasından, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət etmək məcburiyyətində qalmağımızdan şikayətlənmişdi.
 
Hətta vəziyyətdən çıxış yolu kimi Koreya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri və bu ölkənin İxrac-İdxal Bankının İcraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Peşə Tədris Mərkəzinin yaradılması məqsədilə hökumətlərarası razılaşma da əldə edilib. Verilən rəsmi məlumatlara görə kredit sazişi əsasında həyata keçiriləcək layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılması, ölkənin əmək bazarının xarıci işçı qüvvəsindən asılılığının azaldılması və müasir peşə təhsili sisteminin yaradılmasına təkan verilməsini təmin etməkdən ibarətdir.
 
Bu baxımdan, istənilən vəziyyətdə və istənilən formada peşə təhsili nəinki zəifləməli, əksinə regionların tələbatına , tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir.Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. Söhbət təkcə peşə məktəblərindən getmir. Elə istər orta məktəblər olsun, istərsə ali məktəblər peşə-ixtisas məsələsi öndə olmalıdır. Almaniya və Yaponiya kimi ölkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Peşə təhsili diqqət və dövlət qayğısı tələb edir, bu sahənin inkişafı getdikcə daha çox aktuallaşır və günün tələbinə çevrilir. Məsələyə dövlət başçısı səviyyəsində önəm verilməsi isə bu vacib sahənin gələcək perspektivlərinə ümid bəsləməyə inam və əminlik yaradır.”






Загрузка...