Xəbərlər
10 fevral 2017
2 853


ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

 

Fevralın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə "İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib.
 
Sosial elmlər kafedrası, həmçinin digər kafedraların əməkdaşlarının iştirak etdiyi dəyirmi masada Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva suveren, demokratik və dünyəvi dövlət olan Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizdəki müxtəlif millətlərin və dinlərin nümayəndələrinin azadlığı və bərabərliyinin qarantı olduğunu bildirib.
 
Bu gün dinin siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynadığını deyən S.Əliyeva dinlərarası münasibətlərinin tənzimlənməsinin müasir dövrün ən başlıca problemlərindən biri olduğunu söyləyib. S.Əliyeva bu birliyi yaratmaq üçün birinci addımın hər bir dinin öz nümayəndələri arasında həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmaqdan ibarət olduğunu qeyd edib. 
 
O, dini həmrəyliyin insanlar arasındakı fikir müxtəlifliyinə səbəb olan məsələlərə obyektiv münasibət bəsləmək, məzhəblər arasında ortaq məxrəcə gələ bilmə imkanlarını araşdırmaq, fikir müxtəlifliyini təbii qəbul etmək və qarşı tərəfin fikrinə hörmətlə yanaşmaq prinsiplərini əsas tutan ideya olduğunu diqqətə çatdırıb. S. Əliyeva bu ideyanın əsas məqsədinin məzhəblərarası yaxınlaşmanı təmin etmək olduğunu bildirərək Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında "İslam həmrəyliyi ili” elan edilməsini bu sahədə ən humanist və sülhsevər bir təşəbbüs kimi qiymətləndirib.
 
Kafedra müdiri Regionşünaslıq kafedrasının müxtəlif ölkələr üzrə ixtisaslarda təhsil alan tələbələrə seçmə fənlər içərisində öz regionu və ya "İxtisas ölkəsində din və konfessiyalar”, o cümlədən bunun alternativi olaraq regionda və ya "İxtisas ölkəsində dini tolerantlıq və dinlərarası münasibətlər” adlı fənləri tədris etdiyini diqqətə çatdırıb.
 
Regionşünaslıq kafedrasının professoru Əli Məmmədov Britaniya, dosent Bəhmən Əliyev Hindistan, baş müəllim Bədirə Kərimova Almaniya, baş müəllim Şəfa Əbdürrəhimova Fransa, baş müəllim Nigar Əsgərova Argentina, Sevinc İsmayılova ABŞ, Elşən Məcidov Qafqaz, Vüsalə Əfəndiyeva Norveç, Bəyim Abdulla İsrail, Ülviyyə Xəlilova İndoneziya, Mehparə Tajdehibonab Yaponiya, Fidan Ələsgərova Çin, Harun Sadıqlı Ərəb ölkələrində dini həmrəylik və islam haqqında çıxışlar edərək islamın insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməyə səslədiyini vurğulayıblar.
 
Müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamızın təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində İslam dünyasının maraq və mənafelərini müdafiə etdiyi qeyd olunub.

Məqalə Göndər








Загрузка...