Xəbərlər
01 mart 2017
1021

Orta məktəb şagirdlərinə esse tələbi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Orta məktəb şagirdlərinə esse tələbi

 

Ekspertlər belə bir təcrübənin təhsil sisteminin inkişaf etdiyi əksər ölkələrdə tətbiq olunduğunu bildirirlər.
 

Bu il ilk dəfə olaraq ümumi təhsil səviyyəsi (IX və XI siniflər) üzrə buraxılış imtahanlarında şagirdlərdən esse yazmaq tələb olunacaq. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, IX sinif üzrə yazı işi şagirdin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir: "İnşa (esse) şagirdin seçdiyi mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Şagirdlərə iqtisadi, mədəni həyat sahələri, respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. İnşa yazıda (essedə) şagird öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən şagird mövzunun adını qeyd etməli, mövzuya uyğun, ən azı, 3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməklə) plan tərtib etməli, plan əsasında mövzunu dolğun yazmalı, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli, fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə ifadə etməli, ədəbi dilin normalarına, o cümlədən qrammatika, orfoqrafiya, durğu işarələri qaydalarına uyğun ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, elmi və bədii parça, həyat hadisəsi və s.) istifadə etməlidir: "İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.
 
Qiymət həm yazılan inşanın məzmunu, həm də yazı savadı nəzərə alınmaqla verilir. Yazı işi bir sıra meyarlar əsasında "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndiriləcək. "Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyi və ya heç bilmədiyi, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, dil və nitq səhvi olan yazılara verilir. Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır - seçilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələri bilmə, şagirdin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması, çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması, yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi, yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması. Yazı işində şagirdlərin özlərini tanıtmaqla bağlı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş şagirdlərin yazı işləri qeyri-məqbul kimi qiymətləndiriləcək. İnşa bir A4 səhifə həcmində (180 və ya daha çox söz) olmalıdır. 18 sətirdən (90 sözdən) az yazılan və ya seçilmiş mövzuya uyğun yazılmayan inşa qeyri-məqbul qiymətləndirilir. İnşanın yazılması üçün ayrılan müddət 30 dəqiqədir".
 
Xatırladaq ki, "esse” əslən latın sözüdür. İlkin mənası "götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.
 
Bəs, görəsən, buraxılış imtahanlarında şagirdlərə esse yazmaq tələbinin irəli sürülməsi nə dərəcədə doğrudur?
 
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, şifahi imtahan təfəkkürün, nitqin inkişafına xidmət edirsə, yazı işi yazı qabiliyyətini inkişaf etdirir: "Ona görə də bizim məzunlarımız birtərəfli hazırlanırlar. Son iki ildə bir çox universitetlərdə testlə yanaşı yazılı və şifahi imtahanlar keçirilir. Elə universitetlərimiz var ki, onlarda ümumiyyətlə, kompyuter texnologiyalarından istifadə olunmur, yalnız yazılı və şifahi imtahan keçirilir. Şagird orta məktəbdə testlə hazırlaşır və bu qayda üzrə imtahan verir. Amma ali məktəbdə sessiyanın ortasında şifahi və yazılı imtahan vermək tələb olunur. Tələbələrin orta məktəbdə bu vərdişləri olmadığı üçün problemlər yaranır. Hətta bir ara bu, tələbələrin narazılığına da səbəb olmuşdu. Ona görə testlə yanaşı buraxılış imtahanlarında essenin də tətbiq olunması məsləhət bilinib”. 
 

 

N.İsrafilov təcrübələrə istinad edərək bildirib ki, texniki fənlərdən test imtahanı keçirmək məqbul sayılsa da, humanitar fənlər üzrə test məqbul sayıla bilməz: "Belə ki, burada davranış, nitq, yazı qabiliyyəti və s. müəyyənləşməlidir. Ona görə də dünyanın bir çox ölkələrində imtahanın yeknəsək formasından istifadə etmirlər. Məsələn, təhsil sisteminin inkişaf etdiyi Estoniyada testlə yanaşı şifahi və yazılı imtahan da keçirirlər. Çünki bir forma özünü doğrultmur. Hər fənnin, hər ixtisasın öz spesifik xüsusiyyətləri var. Elə imtahanlar var ki, orada mütləq yazılı forma tətbiq etmək lazımdır. Çünki təhsil təkcə təlimdən yox, həm də tərbiyədən ibarətdir. Amma testin tərbiyəvi aspektlərini - vətənpərvərlik, torpağa bağlılıq, düzlük, vicdanlılıq kimi xüsusiyyətləri üzə çıxarmaq imkanı yoxdur. Hesab edirəm ki, bu məsələlər zaman-zaman daha da təkmilləşəcək”.
 
hafta.az






Whatsapp'ta Paylaş

Загрузка...
loading...