Xəbərlər
16 mart 2017
3 191


Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

 

Bu günlərdə "Bağçalar Təhsil Nazirliyinə qaytarıla bilməz” kim hökm xarakterli başlıqlar bəzi saytların manşetinə çıxarılıb. Çox ehtimal ki, buna səbəb parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözügedən komitənin iclasında ” Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı "uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsindən söhbət getmir və indilikdə belə bir məsələ də yoxdur”-açıqlaması olub.

Halbuki, Komitə sədri belə bir məsələnin və iddianın ortaya çıxmasında daha çox medianı, bəzi KİV-ləri ittiham edib: "Biz "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması anonsunu verər - verməz media belə bir məsələni gündəmə gətirdi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Belə bir məsələ yoxdur, belə bir məsələdən söhbət gedə bilməz və indilikdə bu məsələnin ortaya atılması da düzgün deyil. Bu məsələ hazırlanacaq yeni qanun layihəsinin də predmeti deyil. Bu məsələ dövlət başçısının sərəncamı və fərmanı ilə həll olunan bir məsələdir.Ona görə də media bu məsələdə tələskənliyə, çaşbaşlıq yaranmasına yol verməməlidir”. 
 
İsa Həbibbəyli onu da yada salıb ki, ümumiyyətlə, Azərbaycanda hazırda 3 növ məktəbəqədər təhsil müəssisəsi var - dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri. Ancaq dünyada bunun növləri çoxdur - günərzi, ailə tipli məktəbəqədər təhsil müəssisələri və sair. Gələcəkdə, yəni, məktəbəqədər təhsillə bağlı qanunun qəbulu və onun icrası ilə bağlı mexanizmlərin ortaya qoyulmasından sonra bizdə də yeni növ məktəbəqədər təhsil müəssisələri yaradıla bilər. Yəni demək istəyirəm ki, uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin də indilikdə Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması ilə bağlı konkret mexanizmlər yoxdur.
 
Bir vətəndaş olaraq uşaq bağçalarının Təhsil Nazirliyinin, icra hakimiyyəti orqanlarının və yaxud hansısa digər əlaqədar rəhbər idarəetmə qurumunun tərkibində olmasının şəxsən mənə bir isti-soyuqluğu yoxdur. Lakin uzun illər təhsil orqanlarında çalışan, bu sahədə müəyyən təcrübəyə malik olan bir ekspert kimi bu məsələ məni də problemin həllinə etinasız qoya bilməz. Əgər söhbət dünya təcrübəsindən gedirsə, elə ölkələr var ki, orada uşaq bağcaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyinin tabeliyindədir və s.
 
Razılaşaq ki, hörmətli Komitə sədrimizin dediyi kimi bu məsələ dövlət başçısının sərəncamı və fərmanı ilə həll olunan bir məsələdir və uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin də indilikdə Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması ilə bağlı konkret mexanizmlər yoxdur. Elə isə adı çəkilən müəssisələr son illərə qədər məhz Təhsil Nazirliyinin tabeçiliyində olmayıb və ya bəlkə icra hakimiyyəti orqanlarının konkret mexanizmlər hazırlamaq sahəsində təcrübəsi və metodikası daha çoxdur? Belə çıxmırmı ki, dilimizə günərzi kimi tərcümə edilən, rusların "kruqlosutoçnoe” adlandırdığı, daha sonra ailə tipli və s. bu kimi yeni növ məktəbəqədər təhsil müəssisələrinin mexanizmlərini ortaya qoyduqdan, məktəbəqədər təhsillə bağlı bir sira ölkələrin təcrübələrinin öyrənilməsindən sonra tabeçilik məsələsinin üzərinə qayıtmaq olar? Görəsən bu prosesin nə vaxt başa çatacağını heç olmasa təxminən də olsa bilən varmı? 
 
Məlum olduğu kimi keçmiş rəhbərliyin fəaliyyətindəki ciddi yarıtmazlıqlar ucbatından 2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib ki, bunun da nəzərəcarpacaq fəsadlarının bilavastə şahidiyik və əlavə şərhə ehtiyac belə duymuram. Bununla belə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoyulub, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması xüsusi vurğulanıb.
 
Təhsil sahəsindəki uzunillk pedaqoji və təhsilin idarəetmə orqanlarındakı təcrübəmə əsaslanaraq, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, yəni bütün sorumlar bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək ücün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir. Digər tərəfdən təhsilin varislik və fasiləsizlik prinsipləri var. Prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılmasi deməkdir.Məgər bu səlahiyyətlər icra hakimiyyəti orqanlarına verildikdən sonra problemlər azaldı, əksinə daha da artaraq, cəmiyyətdə mənfi rəyin formalaşmasına səbəb oldu.
 
Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurrikulumların hazırlanması, məktəbə hazırlıq təhsilinin zəruriliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 2020-ci ilə qədər 90 faiz səviyyəsinə çatdırılması vəzifəsinin Strategiyanın əsas strateji hədəfləri olduğunu, məktəbəqədər hazırlığın eyni zamanda bir sıra məktəblərdə yaradılan hazırlıq qruplarında da aparıldığını nəzərə alsaq bu vəzifənin bilavasitə Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi zəruriliyinin şahidi oluruq. Digər tərəfdən Respublikanın tanınmış təhsil ekspertləri və ziyalıları Şahlar Əsgərov, Əjdər Ağayev, Asif Cahangirov, Etibar Əliyev, Məlahət Mürşüdlü və digərləri də məhz bu fikirlərlə bölüşüblər və bölüşməkdədirlər. Onu da xatırladım ki, İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilmiş və xüsusi olaraq vurğulanmışdı ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər. 
 
Bir də ki, nəzərə alsaq ki, gün ərzində onlarla, yüzlərlə avtomobil, təyyarə, gəmi gəzası baş verir. Belə çıxır ki, biz avtomobildən, təyyarədən, gəmidən imtina etməliyik? Yaxud kompüterin, internetin məktəbli gənclərin, yeniyetmələrin səhhətinə, tərbiyəsinə ziynlı tərəfləri barədə nə qədər deyilib və yazılıb.Bununla belə sosial şəbəkələrdən imtina etmirik ki? Əgər bir vaxtlar Misir Mərdanovun rəhbərlik etdiyi komanda uşaq bağçalarını özəlləşdirmə adı ilə satışa çıxararaq yerində göydələnlərin, şadlıq evlərinin, gözəllik salonlarının tikilməsinə, özəlləşdirməyə çıxarılan bağçaların bir çoxunun profilinin dəyişdirilərək başqa məqsədlərə yönəldilməsinə rəvac verərək məktəbəqədər təhsili şəbəkəsini çökdürdülərsə bu qara ləkə nə vaxta qədər Təhsil Nazirliyi adlanan bir strukturun üzərində qalmalıdır?
 
İstəsək də istəməsək də razılaşmalıyıq ki, təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir. Başqa sözlə hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbə qədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli gücə və səriştəyə malik deyillər . Hər halda Təhsil Nazirliyinin tərkibində olsa bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində daha çevikliyə və mobilliyə nail olmaq olar. Yeni səhvlər buraxmaqdansa köhnə səhvləri düzəltmək daha sərfəli ola bilər.
Məqalə Göndər








Загрузка...