Xəbərlər
19 mart 2017
2 956


"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

 

Son illər ölkənin təhsil sistemində rüşvət və korrupsiyanın aradan qaldırılması iləbağlı müxtəlif tədbirlər görülsə də, bunun ciddi nəticəsi hiss olunmur.
 
Bu günlərdə məktəb direktorunun rüşvət alması ilə bağlı məsələnin gündəmə gəlməsi vəziyyətin kritik olduğunu göstərdi. Bundan əlavə, bir sıra kollec rəhbərlərinin rüşvətxorluğa görə həbsi və cinayət işinin açılması da bu sahədəki problemi aradan qaldırılmağın asan olmadığını göstərir.
 
Aztehsil.com xəbər verir ki, Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli Reyting.az-a deyib ki, təhsil sistemi elə qurulmalıdır ki, burada hər hansı nöqsanlara yer verilməsin. Onun sözlərinə görə, millətin gələcəyi təhsilə münasibətindən asılıdır. Buna görə də cəmiyyətin ən hörmətli təbəqəsi təhsil verənlər - müəllimlər olmalıdır:
 
«Dahilərdən biri deyib ki, cəmiyyətin sosial, psixoloji durumu müəllimin vəziyyəti ilə müəyyən olunmalıdır. Bu müddəadan çıxış edərək deyə bilərik ki, cəmiyyətdə ən yaxşı sosial həyat tərzinə malik və ən hörmətli təbəqə müəllimlər olmalıdır. Təəssüf ki, bizdə belə deyil. Artıq müəllimlər cəmiyyətimizin hörmətsiz şəxsləri kateqoriyasına daxil olub. Onların maddi durumu da ürəkaçan səviyyədə deyil. Artıq heç kim müəllimə qibtə etmir”.
 
Mütəllim Rəhimlinin fikrincə, müəllimlərin və təhsil müəssisəsi rəhbərlərinin rüşvətə meyl etməsi iki səbəblə bağlıdır:
"Birincisi, cəmiyyətə rüşvətə qarşı ciddi iradın olmamasıdır. Əslində rüşvət ən böyük əxlaqsızlıqdır. Təəssüf ki, bizim cəmiyyətdə rüşvətə bu cür baxılmır.
 
İkinci səbəb bu kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin ağırlığıdır.
 
Amma bütün bunlar da rüşvətə əsas vermir. Beləliklə, bu problemin aradan qaldırılması üçün yuxarıda qeyd edilən səbəblər öz həllini tapmalıdır. Rüşvət və korrupsiyaya heç bir sahədə yer olmamalıdır. "Cəmiyyətin bir hissəsində rüşvət yoxdur, digərində var”,- mülahizəsinin kökündən yanlış olduğunu qəbul edərək, deyə bilərik ki, bu problemə qarşı hərtərəfli mübarizə aparılmalıdır».
 

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

 

Qeyd edək ki, son dövrlər təhsil sisteminin ödənişli bölmələrinin sayı artırılır. Belə ki, verilən qərarlar nəticəsində ödənişli təhsil müəssisələrinə qəbul üçün hər hansı kvota qoylumur. Yəni, hər hansı bir universitet tələbə qəbulu üçün geniş imkanlara malik olacaq. Bu da kəmiyyətin artması, keyfiyyətin azalması ilə nəticələnə bilər.
 
Qeyd edək ki, bu günlərdə qəbul imtahanlarının da ödənişli olması ilə bağlı qərar verildi. Tarif Şurasının iclasında Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
 
Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.
 
Tarif Şurasının iclasında ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətə uyğun olaraq, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının təhsilini davam etdirməsini və insan kapitalının inkişafını təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə dövlət başçısının 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin dövlət büdcəsi hesabına ödəniləcəyi qeyd edilərək, dövlət başçısının bu tapşırığının əhəmiyyəti xüsusi vurğulanıb.
 
Beləliklə, orta ixtisas təhsili müəssisələri tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təshil) səviyyəsinə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 vərus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyən edilib.
 
Sözsüz ki, qəbul imtahanlarının elə də az olmayan məbləğ əsasında keçirilməsi ciddi məsələdir. İlk baxışda önəmli bir rəqəm olmasa da, bu sistemdə milyonlarla manat vəsaitin əldə ediləcəyindən xəbər verir.
 
Bu məsələyə də münasibət bildirən M.Rəhimli deyib ki, qəbul imtahanlarında iştirakın ödənişliə saslarla olması barədə qərar təəccüb doğurur. Onun fikrincə, insanların təhsil alması istiqamətində olan bütün maneələri aradan qaldırmaqdansa süni baryerlər yaratdığımızı dərk etmirik:
 
«Bu gələcəkdə çox mənfi nəticələr doğura bilər. Əslində elə bir mühit yaradılmalıdır ki, təhsilin hər bir pilləsi hamı üçün əlçatan olsun. Belə bir fikir Azərbaycan Respublikasının Konstitusiyasında da yer alıb. Konstitusiyada həmçinin deyilir ki, "Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”. İndi maraqlıdır, istedadlı şəxs qəbul imtahanı vermək istəyir, amma ödəniş etmək üçün pulu yoxdur. Dövlət üzərinə götürdüyü təminatı necə verəcək?»
 
Müsahibimiz nəzərə çatdırıb ki, son vaxtlar neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə ölkəmizdə aztəminatlı ailələrin sosial vəziyyəti xeyli pisləşib. Onun sözlərinə görə, belə bir vəziyyətdə əhalinin üzərinə, xüsusilə də təhsil sahəsində əlavə öhdəliklər qoymaq təqdir ediləcək addım deyil: «Bu həm də ölkəmizdə aparıldığı qeyd olunan sosial yönümlü siyasətin mahiyyəti ilə ziddiyyət təşkil edir. Dünyanın inkişaf etmiş ölkələri öz naliyyətlərinə görə, elm və təhsil sferasında əldə etdikləri uğurlara borcludurlar. İndi təhsilə alternativ və onunla rəqabət apara biləcək hər hansı sahə yoxdur. Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”.
 
M.Rəhimli sonda qeyd edib ki, bütün hallarda yanaşmamızda nəzərə almalıyıq ki, bu sahədə gözlənilən maddi və mənəvi gəlir illərlə qəbul imtahanlarından əldə edilən vəsaitdən dəfələrlə çox olur.
Məqalə Göndər








Загрузка...