Xəbərlər
04 aprel 2017
2 892


ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

 

Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Frankofoniya Mərkəzinin açılış mərasimi keçirilib. ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aurelia Buşe və Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketatanın iştirakı ilə keçirilən mərasimdə açılış rəmzi olan qırmızı lent kəsilib.
 
Tədbirdə çıxış edən universitetin Fransa Məlumat Mərkəzinin mütəxəssisi Jalə Salmanova mərkəz haqqında iştirakçılara qısa məlumat verib.
 
Sonra ADU tələbələrinin iştirakı ilə "Arşın mal alan” tamaşası fransız dilində təqdim olunub.
 
Tamaşadan sonra çıxış edən Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru M.Ketata iştirakçıları salamlayaraq agentliyin ADU-da yaradılmasından şad olduğunu deyib. O, hər il ADU-da Frankofoniya günlərinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb.
 
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım A.Buşe isə tələbələrin istedadını yüksək qiymətləndirib. O, tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Səfir Fransa universitetləri ilə ADU arasında əlaqələrin inkişaf edəcəyinə ümid etdiyini söyləyib.
 
ADU-nun rektoru vəzifəsini icra edən professor Ə.Abdullayev tədbirdə iştirak edən hər kəsə təşəkkür edib və tələbələrin hazırladığı tamaşanı yüksək qiymətləndirib.
 
Qeyd edək ki, mərkəzin açılışından öncə professor Ə.Abdullayev M.Ketata ilə görüşüb.
 
Qonağı salamlayan professor Ə.Abdullayev onu Azərbaycanda və ADU-da görməkdən məmnun olduğunu bildirib. Universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonağa məlumat verən Ə.Abdullayev ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərindən söz açan professor Ə.Abdullayev Fransa Məlumat Mərkəzinin fəaliyyətindən də danışıb. O, ADU tələbələrinin fransız dilini böyük maraqla öyrəndiklərini qeyd edib və onların Fransanın tarixi, mədəniyyəti haqqında biliklərə də yiyələndiyini vurğulayıb. ADU-nun bir çox ölkənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini bildirən Ə.Abdullayev univeristetin Fransanın Strasburq Universiteti ilə əlaqələrindən danışıb. O, Fransanın Azərbaycadakı səfirliyi ilə universitet arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini də sözlərinə əlavə edib.
 
Səmimi qəbula görə təşəkkürünü bildirən M.Ketata rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib. ADU ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edən M.Ketata fransız dilinin tədrisi üçün keçilən bütün təlimləri dəstəklədiyini bildirib. O, ADU ilə əməkdaşlığın inkişaf edəcəyinə və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayıb.
 
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması haqqında müzakirələr aparılıb.
 
Görüşdən sonra M. Ketata ADU-nun İnformasiya Resurs Kompleksi (İRK) ilə yaxından tanış olub.
 
moderator.az
Məqalə Göndər








Загрузка...