Xəbərlər
30 aprel 2017
3 344


"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

 

Xüsusilə son günlər yazılı və elektron mediada "Təhsil Nazirliyi informatika fənnini sıradan çıxarmaq istəyir”,  "Nazirlik İnformatikanın üstündən birdəfəlik xətt çəkmək niyyətindədir” və s. bu kimi fikir və mülahizələr geniş yer alııb, mövcud vəziyyətin müəyyən olunmuş Strateji Yol Xəritəsinə uyğun olmamasından narahatçılıq ifadə olunub. Səbəb kimi isə nazirin  əmri ilə 2015-16-cı dərs ilindən X-XI siniflərdə tədrisin təmayüllər üzrə tədris planına informatika fənni daxil edilməməsi əsas gətirilir. Belə  hesab edilir ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) aparıcı mövqedə, prioritet olduğu müasir dövrümüzü informatikasız, bu sahə üzrə təhsilsiz necə təsəvvür etmək olar?! XXI əsr informasiyalaşmış cəmiyyət əsri olduğundan gənc nəslin informatika və informasiya texnologiyaları sahəsində müəyyən bilik, bacarıq və vərdişlər sisteminə malik olması vacib amillərdən biridir və s.
 
Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrəndik.
 
"Hər şeydən əvvəl onu deyim ki, uzun illik təcrübəmdə demək olar təsadüf etməmişəm ki, təhsilimizlə bağlı hər hansı bir yenilik və ya dəyişiklik birmənalı qarşılansın və ya hansısa bir səviyyədə müzakirə və mübahisə predmetinə çevrilməsin. Bu mənada və o cümlədən də informatika fənninin tədrisi ilə bağlı məsələ. İnformatikanın ibtidai (I-IV)  siniflərdə tədrisinə təəcüblənən və etiraz edənlər də olub, bu fənnin nə  buraxılış, nə də qəbul imtahanları sırasına salınmadığından təəssüflənən və narazı qalanlar da. 
 
Yəqin xatırlayanlar bilməmiş deyil ki, İnformatika bir tədris fənni kimi ümumtəhsil məktəblərinin tədris planına 30 ildən artıq bir müddətdir ki, daha dəqiq desək 1985-ci ilin 1 sentyabrından daxil edilib. O vaxt bu yeni kurs "İnformatika və hesablama texnikasının əsasları" adı ilə yalnız yuxarı siniflərdə (IX və X siniflərdə) tədris olunurdu. Bir müddət sonara, səhv etmirəmsə 1988-ci ildə Bakının Əzizbəyov (indiki Xəzər) rayonununun 119 nömrəli məktəbində Nazirliyin əmri ilə  məktəblərarası tədris-hesablama mərkəzi yaradıldı və 3-cü və 5-ci siniflərdə eksperiment qaydasında "İnformatika və hesablama texnikasının əsasları" fənni tədris edildi.   Müstəqillik qazandıqdan sonra  təhsil sferasının informasiyalaşdırılmasının optimal yollarının müəyyənləşdirilməsi sahəsində müxtəlif səviyyələrdə qərarlar qəbul edilmiş, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan "İnformatika” fənnindən I-XI   siniflər üçün dərsliklər,  müəllimlər üçün metodik vəsaitlər, şagirdlər üçün iş dəftəri hazırlanmışdı. 
 
O ki, qaldı, bu fənnin guya ləgvi ilə bağlı ehtimal və narahatçılıqlara hesab edirəm ki, Təhsil nazirliyi rəsmiləri ola bilsin kimlərisə qane edə bilməyəcəyi dərəcədə olsa belə sözü gedən məsələyə müəyyən qədər aydınlıq gətiriməyə çalışıblar. Yəni burada söhbət heç də bu fənnin ləğvindən deyil, təmayülləşmə ilə əlaqədar təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin 10-11-ci siniflərində  şagirdlərin seçdikləri təmayül istiqamətlərindən biri kimi informatikanın  seçmə fənn olaraq tədrisindən gedir. Başqa sözlə və ümumiyyətlə, müasir biliklərin tədrisi İKT bacarıqları olmadan mümkün olmadığı kimi, İKT-nin seçmə fənn kimi tədrisini də heç kim qadağan etmir. 
 
Bir də ki, şagirdin seçdiyi ixtisas üzrə meyl və marağına uyğun, o cümlədən də informatika və bütövlükdə İKT üzrə daha dərin biliklərə və hazırlığa malik olması üçün məktəbin geniş imkaları var. Bu imkanlardan şagirdlərin daha səmərəli və faydalı yararlanması həmin məktəb rəhbərlərinin informatikaya və bütövlükdə İKT-yə necə münasibət bəsləməsindən də çox asılıdır. Əlbəttə istəsək də istəməsək də razılaşmalı və qəbul etməliyik ki müsir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil. Hesab edirəm ki, informatika fənninin tədrisi və gələcək taleyi ilə bağlı deyilənlər və yazılanlar hələ son deyil. Hədəflədiyimiz 12 illik təhsilə keçid, yəqin ki, təkcə İnformatikanın deyil,  digər fənlərin və kursların tədris planlarınndakı yerinə və mövqeyinə də müəyyən korrektivlərsiz ötüşməyəcək.
Məqalə Göndər








Загрузка...