Xəbərlər / Yazarlar
13 iyul 2017
10 301


"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

 

Adətimdir. Bir qayda olaraq təhsil sahəsində inkişaf etmək istəyənlərə mümkün olan yardımdan imtina etmirəm. Özü də bu yardımları həmişə təmənnasız etmişəm və etməyə də davam edəcəyəm. Olur ki, bəzən müəllimlər, hətta tanımadığım şagirdlər, jurnalistlər müraciət edir. Vaxtım olduqca əl tutmağa çalışıram. Çox sevinirəm ki, kiməsə faydam toxunur. Buna görə də çevrəm çox genişdir, ölkənin hər tərəfində çoxsaylı və vəfalı dostlarım, tanışlarım var. Amma harda ki, sui-istifadə, bir əliəyrilik gördüm, dərhal və kəskin reaksiya verirəm, həmin adamla ünsiyyəti kəsirəm.

Bir neçə ay öncə də belə bir hal yaşandı. İş yoldaşlarımdan biri bir yazı gətirib xahiş etdi ki, onun qəzetlərdən birində dərcinə yardım edim. Dedim, problem deyil, gətir baxım, tanış qəzetlərdən birindən xahiş edərəm, çap olunar.

Yazıya baxdım, gözüm kəlləmə çıxdı. Aytac Rzayeva adında tanımadığım bir müəllifin "yazısıydı”. Tanış gəlirdi. Araşdırdım. İllər öncə məhz özümün yazdığım yazı idi. Dərs nümunəsi. Bu Aytac o yazını mənim əlimlə qəzetlərdə dərc etdirmək istəyirmiş. Düzdür, o, şəxsən mənə müraciət etməmişdi. Sadəcə vasitəçi bilməyərəkdən mənə müraciət etmişdi, fırıldağın üstü də burda açılmışdı. Həmin adama yazımın orijinalını göstərəndə, o da çox dəhşətə gəlmişdi…

Sonrakı araşdırmalarım da xeyli fakt çıxardı ortaya. Onlardan biri yenə də mənə dəxli olan məsələ idi.

Deməli, bu Aytac bir "yazısında” iddia edirdi ki, 2015-ci ilin avqustunda Kazan Dövlət Universitetinin dəvətilə Tatarıstana səfər edib, orada müəllimlərə master-klass keçib.

Oxucu deyə bilər ki, burda nə var ki? Elə nə varsa, burda var.

Məsələ ondadır ki, elə həmin müddətdə, həmin tədbirə Kazan Dövlət Universiteti Azərbaycandan yalnız məni müəllimlərə master-klass keçmək üçün dəvət etmişdi. Tək getməmək üçün müəllim həmkarlarımdan birini də özümlə aparmaq üçün müraciət etdim. Çox hörmətli xanım müəllimlərdən biri həvəslə mənə qoşuldu və yalnız biz birlikdə Aytac Rzayeva adlı xanımın iştirakını iddia etdiyi tədbirə getdik. Tədbir Tatarıstanın Yelabuga şəhərində keçirilirdi. Master-klass da verdim, digər toplantılarda da iştirak etdim. Və həmin tədbirdə bizdən başqa heç bir Azərbaycanlının olmadığını da gördüm. İndi bu xanım iddia edirdi ki, həmin tədbirə dəvət edilib, master-klass verib. Bu isə onunla bağlı araşdırmalarımı daha da genişləndirməyimə səbəb oldu.

Araşdırdım. Dəhşətə gəldim. Nələr çıxmadı qarşıma? Sən demə, bu "müəllim” xanım sadəcə başqalarının yazılarını oğurlayaraq (bəli, məhz oğurlayaraq!) öz adıyla dərc etdirirmiş. Hətta o qədər ki, mənim də yazımı utanmadan öz imzasıyla dərc etdirib. Bu Tatarıstan məsələsi də o qəbildəndir. Olmadığı tədbirdən, getmədiyi ölkədən "yazı” yazdığını iddia edən bu Aytac, sən demə, mənimlə birlikdə səfərdə olmuş digər müəllim həmkarımın yazısını öz adından dərc etdirmək istəyirmiş. Elə kələfin ucu da buradan ələ keçdi.

Sonrakı araşdırmalar isə lap biabırçılıq idi. Bəlli oldu ki, bu xanım hətta "Azərbaycan müəllimi” kimi çox hörmətli təhsil qəzetində belə oğurluq yazı dərc etdirə bilib.

Bunu da nəzərə alaraq düşündüm ki, təsadüfi bir adam belə hörmətli yerlərə öz ayağıyla gedib çıxa bilməz. Çox güman ki, onun bu əməllərinə dəstək verənlər var. Araşdırdım və bu dəfəki heyrətim ikiqat artıq oldu. Dəstək verən, özü də yazıları ordan-burdan oğurlayıb bu xanıma satan adamlardan biri burnumun düz ucunda imiş! Bu şərəfsiz adam, sən demə, təhsil sahəsinə aid dərc edilmiş yazıları pul qarşılığında bu Aytac kimi sözün əsl mənasında təhsildən, yazıdan xəbəri olmayan "müəllimlərə” satırmış… (Bu məsələylə bağlı əlimdə yazılı dəlillər var. Təhsil nazirinə şəxsən təqdim etməyə hazıram.)

Məsələni aşağı səviyyədə müəyyən vəzifəli şəxslərə çatdırdım. O yazı satanın cəzalandırılmasını tələb etdim. Amma maraqlıdır ki, nəinki onu cəzalandırmadılar, əksinə, daha da himayə etməyə başladılar! Nə baş verir axı? Niyə bir fırıldaqçı müdafiə edilir? Bunu himayə edənlərin marağı nədir? Ümumiyyətlə, bu Aytac kimdir ki, onun belə hamiləri varmış? Araşdırmalarımı davam etdirdim.

Bu dəfə mənə deyildi ki, onun arxasında elə hörmətli adam var ki, sizin yoldaşınız Azər Həsrət belə həmin adamın sözünü yerə sala bilməyəcək. Azər Həsrətə bunu deyəndə şaqqanaq çəkib güldü və "belə fırıldaqçının arxasındakı doğma qardaşım olsa belə bağışlamaram” deyib məni ürəkləndirdi. Yəni, "buyur, araşdır, qoy elə arxasındakı haramzada da öz payını alsın” demək idi bu.

Yəqin ki, diqqətli oxucu bura qədər oxuyub heç bir fakt təqdim etmədiyimin fərqinə vardı. Təbii ki, bu, adamda şübhə oyadar. Ona görə də konkret örnəklər təqdim edirəm.

Vəfa MƏMMƏDOVA: ""Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi” – yaradicimuallim.blogspot.com/p/mqallrim.html. Eyni yazının oğurluq variantı, Aytac RZAYEVA imzasıyla: "Elektron lövhələrdən istifadənin təhsildə üstünlüyü” – azpress.tv/xeberler/2550-elektron-lovhelerden-istifadenin-tehsilde-ustunluyu.html.

Günay HÜSEYNZADƏ: "İnteraktiv texnologiyalar müəllimin yaxın köməkçisidir” – muallim.edu.az/www.old/arxiv/2015/39/39.htm; Aytac RZAYEVA: "Elektron lövhələrin müasir təhsildə rolu” – edebiyyat-az.com/?p=17900. Tatarıstan səfəri məsələsi Günay Hüseynzadənin yazısından olduğu kimi köçürülüb. Bu Aytac o qədər diqqətsiz olub ki, hətta Günay xanımın bu cümləsini də olduğu kimi dərc etdirib: "Biz bu təcrübəni işlədiyim 193 nömrəli tam orta məktəbdə sınaqdan keçirdik”. Günay xanım doğrudan da 193 saylı məktəbdə işləyir. Bu Aytac isə 24 saylı məktəbdə işləyir…

Almaz HƏSRƏT: "Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi” – www.almazhasret.com/?p=142. Aytac RZAYEVA: "Millətimizin sabahı” – gundelik.info/index.php?newsid=7467.

Şəfəq FAZİLOVA: "Riyaziyyat və informatika dərslərində təqdimatlardan necə istifadə edirəm?” – muallim.edu.az/www.old/arxiv/2014/27/20.htm. Aytac RZAYEVA: "İnformatikadan dərs nümunəsi” – muallim.edu.az/content/?category=arxiv&issue=10&content_id=39. Yazının girişi Şəfəq Fazilovanın adı keçən yazısındandır. Dərs nümunəsi isə Ramin MAHMUDZADӘ, İsmayıl SADIQOV və Naidә İSAYEVAnın 4-cü sinif üçün "İnformatika” metodiki vəsaitindən (www.informatik.az/darslik/-MV-I4az-opt.pdf) tam köçürülüb. Təbii ki, heç bir istinad olmadan…

Bu cür örnəklərin sayı həddən artıq çoxdur. Özünə müəllim deyən bu Aytac Rzayeva sağına-soluna baxmadan əlinə keçən yazıların altına imzasını qoyaraq orda-burda dərc etdirib və yəqin ki, etdirməyə də davam edir. Heç bu da dəhşətli deyil. Ən dəhşətlisini bugünlərdə öyrəndim.

Aytac Rzayeva öz Facebook divarında yazırdı: "Aylar öncə məktəbimizin gənc, istedadlı, çalışqan direktoru mənim peşəkarlıq uğrunda fəaliyyətimi dəyərləndirmək üçün "Təhsil nazirliyinə” haqqımda bilgi verdi. Keçdiyim sınaqlardan sonra bu bayram günü çox xoş bir xəbər aldım. Bu ayın 27-dən etibarən müəllimlərin nümunəvi dərs təqdimatlarının və işə qəbulu komissiyasının üzvü və təhsil eksperti kimi fəaliyyətə başlayacağam. Bu, mənim riyaziyyat-informatika dərsliklərindəki ekspert kimi fəaliyyətimdən sonrakı ikinci sevincli xəbərimdir. Mən təhsilimizin inkişafı naminə çalışan müəllimlərin əməyini qiymətləndirən təhsil xadimlərinə sonsuz təşəkkürümü bildirirəm!”

Bax, belə! Bu fırıldaqçı və Təhsil Nazirliyinin adını dırnaq arasında yazan "müəllim” indi hətta müəllimlərin işə qəbulu komissiyasında ekspert olacaqmış! Buna qədərsə, sən demə, dərslik eksperti imiş! Mən bildiyimə görə, bu sahədə ekspert olan şəxs bunu aləmə car çəkməməlidir ki, obyektivliyi sonadək qorusun. Bu isə ilk gündən elan verir ki, bəs, ekspertmiş. Özü də hansı məsələlərdə? Dərslik eksperti və üstəlik müəllimlərin işə qəbulu üzrə komissiyanın üzvü! Bütün ömrünü Azərbaycan təhsilinə həsr etmiş, doğrudan da hər şeyi ilə pedaqoq olan təcrübəli müəllimlərimizin bağrı çatlasınmı, çatlamasınmı bu xəbərdən sonra?

İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır? Bu cür adamlardan və onlara himayədarlıq edən üz qaralarından! Bəli, Azərbaycan təhsili nə qədər ki, belə ünsürlərdən və onlara dəstək verənlərdən təmizlənməyib, biz, Prezident İlham Əliyevin tələb etdiyi səviyyədə təhsili qura bilməyəcəyik!

Bura onu da əlavə edim ki, Aytac Rzayevayla Facebook yazışmalarım da var. Orada məni şantaj etməkdən də çəkinmir. Saxlayıram. Lazım olar. Bəzən ağlayıb-sızlayır, bəzən də üzərimə gəlmək, məni qorxutmaq istəyir o yazışmalarda. Qınamıram. Məni tanımadığı üçün bu yollara əl atıb. Hətta mənimlə telefon danışığında o yazıları ona pulla satan şərəfsizin adını da deyib. Amma sonrakı yazışmalarda bunu danmağa çalışdı.

Bir də mümkündür ki, bu yazı dərc ediləndən sonra and-amanla oğurluq yazılarını saytlardan sildirə bilər (belə hərəkətləri olub zatən). Boşuna. Çünki o yazıların hamısının skripti artıq bir neçə nüsxədə tərəfimdən mühafizə edilir. Ona görə də bu Aytacın yazılarını silmək fikrinə düşən sayt sahibləri boşuna özlərinə zəhmət verməsinlər.

Lap sonda onu da qeyd edim ki, bugünlərdə bəzi şəxslər mənə açıq dedilər ki, onu müdafiə edəcəklərmiş. Edin. Edirsinizsə, deməli sizin də əliniz çirkab içindədir. Tutduğunuz vəzifəyə layiq deyilsiniz. Bununla bağlı tədbiri isə, ümid edirəm ki, cənab təhsil nazirimiz Mikayıl Cabbarov görəcək. Zatən bu yazım da ona ünvanlıdır…

Almaz Həsrət, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Təhsildən yazmaq olar, amma...

Təhsildən yazmaq olar, amma...

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

'Məktəb direktoru və 40 quldur' – “Sənin ananı ağladajam”

'Məktəb direktoru və 40 quldur' – “Sənin ananı ağladajam”

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...