Xəbərlər / Psixoloq / Valideyn
30 noyabr 2017
3 455


Çalışın fikir birliyinə çatasınız - VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Çalışın fikir birliyinə çatasınız - VALİDEYNLƏRƏ MƏSLƏHƏT

Hər bir ailədə ata və ana həm qanunverici, həm icraedici hakimiyyət, həm də məhkəmədir. Bu cür kiçik və məhdud "dövlət” olan ailədə bu üç funksiya valideynlərin əlində cəmlənmişdir. Onlar uşaqlara müxtəlif qaydalar təyin edir, bəzi hərəkətləri yerinə yetirməyə məcbur edir, digərlərinə isə qadağalar qoyurlar.

 

Bununla əlaqədar valideynlərə aşağıdakıları tövsiyə edirik:


1. Uşaqların tərbiyəsi ilə bağlı həm əsas, həm də ikinci dərəcəli məsələlərdə valideynlər tam qarşılıqlı anlaşmaya gəlməlidirlər. Onlar həmçinin bir-birilərinə qarşı səmimi olmalı və öz aralarında uşaqların tərbiyəsi, onların fiziki və ruhani inkişafı ilə bağlı bütün məsələləri ardıcıl şəkildə müzakirə etməlidirlər. Uşağın davranışını müzakirə etdikdən və onun cavablarını diqqətlə götür-qoy etdikdən sonra, valideynlər ailədə həqiqi tərbiyə ruhuna uyğun qaydalar və normalar qoymalı, hamılıqla ona əməl etməlidirlər.

 

Əgər valideynlərin özləri müzakirələrdən nəticələr çıxara bilmirlərsə, onlar kömək üçün pedaqogika və psixologiya sahəsində nüfuzlu mütəxəssislərə müraciət edə bilərlər. Övladını sevən dərrakəli ana və ata uşaqlar qarşısında heç vaxt fikir ayrılıqlarını biruzə vermir, uşaqların tərbiyəsi və ailə işləri ilə bağlı aralarında yaranmış ixtilafı aşkarda göstərmirlər. Beləliklə, uşaqlar erkən yaşlarından vahid hərəkət planını əllərində rəhbər tutmalıdırlar.


Əgər ana və ata yekdil fikirə gələ bilmir, mübahisə edir, höcətləşir və uşaqların yanında müxtəlif nöqteyi-nəzərlər irəli sürürlərsə, onda uşaqlar erkən yaşlarından disharmoniya və ruhani uyğunsuzluq mühitində tərbiyə olunacaq, birlik ruhu ailəni tərk edəcək və bu evdə xoşbəxtlik üçün qapılar bağlanacaqdır. Uşaqların bəziləri ananın, digərləri atanın tərəfini saxlayacaqdır. Bu kimi hallar həqiqi tərbiyənin mümkünsüzlüyünə gətirib çıxaracaqdır.


2. Əgər valideynlər düşmənçilik edir, daim dalaşır, bir-birinin işinə qarışır və hər dəfə günahkar axtarırlarsa, əgər ata ananın istəyini nəzərə almadan göstərişlər verir, ana isə atanın qoyduğu qaydaların əleyhinə gedirsə, bu cür ailə daxili vəziyyət uşaqları çaşdırır, onları çətin vəziyyətə salır. Onlar kimin tərəfini saxlayacaqlarını bilmirlər. Bu cür şəraitdə valideynlərin öyüd-nəsihəti faydasızdır, uşaqlar isə tərs, prinsipsiz və yüngül xasiyyətli böyüyürlər.


Məsələn, ata on üç yaşlı qızının rəfiqəsigilə qonaq getməsinə etiraz etmir, ana isə hesab edir ki, qızı ora getməməlidir. Valideynlər bu məsələni qabaqcadan müzakirə etməmiş, öz şübhələrini bölüşməmiş və razılığa gəlməmişdilər.


Rəfiqəsigilə getmək istəyən qız atasından icazə istəyir. "Əlbəttə, gedə bilərsən, qızım” – deyə ata etiraz etmir. Bundan sonra ata evdən gedir. Qız evdən çıxmağa hazırlaşarkən, atanın verdiyi icazəni "səhv” hesab edən ana onu buraxmır. Qızına: "evdən bir addım da kənara atmayacaqsan” – deyir. Qız atasının ona icazə verdiyini anasına bildirir. Əsəbləşmiş ana : "Atan səhv edib” – deyir. Nəhayət, uzun höcətləşmədən sonra qız anasına tabe olur. Axşam ata evə qayıdanda, qız ona öz incikliyini bildirməklə, valideynlər arasında mübahisəyə zəmin yaradır. Evdə sözü keçməyən ata hirslənib, ana ilə mübahisəyə girişir. Ana öz baxışlarını qorumaq üçün susmur və onun haqqında fikirləşdiyini söyləyir. Nəticədə, anlaşılmazlıq açıq dalaşa keçir.


Yaranmış vəziyyət, şübhəsiz, ailədə dostluq abı-havası yaratmır. Aydındır ki, atanın uşaqların qarşısında ananı alçaltdığı, tez-tez öz qəzəbini onun üzərinə tökdüyü bu cür ailədə uşağın xarakteri korlanmış olacaqdır. Ailə mübahisələri, valideynlərin qarşılıqlı anlaşma yaratmaqda göstərdiyi bacarıqsızlıq acınacaqlı nəticələrə gətirib çıxarır:


1. Belə ailələrdə böyüyən uşaqlar kobud və sırtıq olurlar. Analarına hökm edir, sözünə qulaq asmırlar. Bununla da Allahın gözündən düşür, tanışları yanında özlərini biabır edirlər.


2. Ana atanı ağılsızlıqda ittiham etməklə ondan qisas almağa çalışır və beləliklə də uşaqların qəlbində atalarına qarşı damla-damla düşmənçilik hissi yaradır. O, atanın nüfuzunu qırır, onu uşaqların ehtiramından məhrum edir. Lakin ən dəhşətlisi odur ki, o, atanı uşaqlara zalım kimi tanıtmaqla, onlarda ona qarşı qorxu hissini yaratmış olur. Məsələn, ana uşağı mağazaya aparıb, ataya aid puldan ona ayaqqabı alır. Sonra uşağa bu haqda atasına heç nə deməməyi tapşırır: "Əgər atan bundan xəbər tutsa, ikimizi də öldürər”. Bu cür göstərişin uşaqda ataya qarşı hansı münasibətin yaradacağı tamamilə aşkardır.


Əgər valideynlər hər zaman və hər məsələdə bir-birinə qarşı zidd gedirlərsə, bu günahsız uşağın mənəvi tərbiyəsinə pis təsir göstərir, onu həyatın ən yaxşı və ən şirin meyvəsindən – ata və anaya qarşı məhəbbətdən məhrum edir. Düşüncə və baxışların birliyi, xoşbəxt ailə həyatının ən əhəmiyyətli elementlərindən biridir. Onsuz ailədə əmin-amanlıq və yekdillik mümkün deyildir.


Valideynlər çox tez-tez uşaqlara düşüncəsiz suallar verir və onlardan kifayət qədər aydın cavab gözləyirlər. Məsələn, ata uşaqdan ananın yanında kimi daha cox sevdiyini soruşur və əlbəttə, uşağın ona üstünlük verəcəyinə ümid edir. Uşaq tərəddüd edir və düzgün cavab tapmağa çalışır. O, bir müddət susur, fikirləşir ki, əgər ataya üstünlük verərsə, anaya ağrı gətirər və ya əksinə əgər anaya üstünlük verərsə, atanın xətrinə dəymiş olar və nəhayət müdrükcəsinə cavab verir ki, hər ikisini eyni dərəcədə sevir. Kədərli haldır ki, bu cür cavab bir çox valideynləri razı salmır və onlar uşağı seçim etməyə məcbur edirlər. Bu an uşaqda riyakarlığın yaranmasının başlanğıcıdır, belə ki, o təzyiq altında (və ola bilsin ki, şəxsi mülahizəsinə zidd olaraq) maddi mənfəət gözlədiyi kəsə üstünlük verir.

 

Hətta ola bilsin ki, uşaq ürəyində anasına daha çox məhəbbət bəslədiyi halda, atasını seçir. Sonradan, ata olmayanda ana bunu onun yadına salır və onu nankor adlandırır. Uşaq etiraf edir: "Ana, əlbəttə, mən səni hamıdan çox sevirəm. Atam mənə yeni oyuncaq alacağını söz verdiyinə görə mən belə dedim. Belə deməsəm atam mənə yeni oyuncaq almayacaqdı”. Şübhəsiz, bu cür tərbiyə üsulu həm mənəvi, həm də pedaqoji nöqteyi-nəzərdən arzuolunmaz nəticələr verə bilər.


Ata və ana öz uşaqlarına deyəcəyi istənilən sözü, istənilən göstərişi və ya öyüd-nəsihəti qabaqcadan müzakirə edirsə, tam hərəkət birliyi və səmimi qarşılıqlı münasibət nümayiş etdirirsə, ailədə məhəbbət və bağlılıq hakimdir, ailə mühiti mehribançılığı ilə seçilir. Lakin valideynlər arasında fikir birliyi pozulubsa, ev zülmətə qərq olur. Orada daim gərginlik, ədavət və ya soyuq laqeydlik hökm sürür. Hamı bir-birinə yad nəzərlərlə baxır. Arvad öz fikirlərini və hərəkətlərini ərindən gizlədir. Eynilə də ər arvadına öz niyyətini bildirmir və işləri haqqında ona danışmır. Arvad ərinə etinasız yanaşır, ər isə onu uşaqlarının anası kimi dəyərləndirmir, uşaqların yanında onu alçaldır. Hər biri öz üstünlüyü haqqında düşünür və son söz demək hüququnu özündə saxlamağa çalışır.


Valideynlər bütün ailə məsələlərində razılıq əldə etməklə münaqişə və mübahisələrdən qaçmağı, ziddiyyətləri yumşaltmağı və ya aradan qaldırmağı, tərbiyənin sağlam prinsiplərinə əsaslanaraq ailəni təlatümsüz idarə etməyi yəqin ki, öyrənə bilərlər.


Ata və ana arasında olan məhəbbət ruhu və bağlılıq uşaqlara sirayət edir, birliyin nuru onların ürəyinə işıq saçır, ahəngdar ailə abı-havası onları qızılgül bağı kimi əhatə edir; uşaqlar valideynlərinə ehtiramla yanaşır, onlar arasında ayrılıq duyulmur, böyüdükdə isə onlar Bəşəriyyətin həqiqi xidmətçilərinə çevrilirlər.

Məqalə Göndər








Загрузка...