Xəbərlər
16 fevral 2019
2 316


Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

 

 
"Sabahın alimləri” müsabiqəsinin iddialı qalibləri

 Sabahın alimləri. İndi onlar universitetlərlə yanaşı, həm də ümumi orta təhsil müəssisələrində yetişir. Hər biri bir ixtiraçıdır. Hər kəsin böyük ümidlərlə baxdığı, hamının böyük nəticələr gözlədiyi məktəbli alimlər.

Bu həftə "Sabahın alimləri” müsabiqəsinin finalı oldu. Ölkəmizin 14 şəhər və rayonundan olan 369 şagirdin 225 layihə ilə qatıldığı müsabiqənin finalında 311 şagird 187 elmi layihə ilə təmsil olunurdu. Layihələrdən 63-ü fərdi, 124-ü kollektiv işin nəticəsi idi. Müxtəlif nominasiyalar üzrə olan layihələrin arasında bu il mühəndislik  kateqoriyası üzrə olanlar üstünlük təşkil edirdi. Hər bir layihədə məktəbli dəst-xətti hiss olunurdu. Onlar öz beyninin məhsulunu təqdim edir, gözlərində həyəcanla bildiriləcək rəyləri, hər kəsdən xoş söz eşitməyi gözləyirdilər. Şagirdlər stendinin qarşısında ixtiraları barədə danışmaq üçün əllərinə düşən bütün fürsətləri dəyərləndirir, qonaqlar hər ixtiraçını maraq dolu baxışlarla dinləyirdi.

Fevralın 12-də təntənəli açılış mərasimi olan müsabiqə 2 gün davam etdi. Düz 2 gün idi ki, məktəblərin çoxunun ürəyi Azərbaycan Texniki Universitetinin idman zalında döyünürdü. Bu həyəcan dünən "Nizami” Kino Mərkəzində kuliminasiya nöqtəsinə çatdı. Öz layihəsinə güvənən, onu dünyaya çatdırmaq istəyən ölkə məktəblilərinin gərginliyi gözlərindən, səslərinin titrəməyindən aydın hiss olunurdu.

Beləliklə, bu il Münsiflər Heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib oldu. Qaliblərdən 44 nəfəri oğlan, 40-ı qızdır. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olundu. Qalib layihələr Bakı (58 şagird, 38 layihə), Sumqayıt (15 şagird, 9 layihə) şəhərlərini, Abşeron (2 şagird, 1 layihə), Balakən (3 şagird, 2 layihə), Qax (2 şagird, 1 layihə), Şəki (2 şagird, 1 layihə), Ucar (2 şagird, 2 layihə) rayonlarını əhatə edir.

Xatırladaq ki, layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçirilir.

 
Amerikada Azərbaycanı təmsil et

 VIII dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəltdi. Ona görə də müsabiqədə iştirak şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərir.

Bu iştirak sadəcə qalib olmaq deyil, həm də Amerikada Azərbaycanı təmsil etmək haqqı qazanmaqdır. Göründüyü kimi, müsabiqənin qazandırdığı etimad çox böyükdür. Azərbaycanı Amerikada öz ixtirası ilə təmsil etmək haqqı isə həmin ölkədə müxtəlif sahələrdə ixtisaslaşan görkəmli alimlərlə ünsiyyətdə olmaq, Nobel mükafatı laureatları ilə tanışlıq imkanıdır. Hiss olunur ki, bu imkanın həyəcanı artıq birincilik qazanan, döşünə qızıl medal taxan məktəblilərə sevincini tam yaşamağa imkan vermir. Çünki birincilik medalından sonra Amerika xəyalını gerçəkləşdirmək gəlir. 

Xatırladaq ki, ən yaxşı layihələrin qalibləri Amerika Birləşmiş Ştatlarında hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edirlər. Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 1 dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

Bu dəfə də, yəni may ayında Arizona ştatının Finiks şəhərində keçiriləcək sərgidə də Azərbaycan təmsil ediləcək. Nəhayət, dünən bütün mükafatçılar elan olunduqdan sonra ölkəmizi təmsil edəcək 6 layihə üzrə 8 şagirdin adı açıqlandı. Siyahıda mühəndislik istiqaməti üzrə Bakı şəhəri 283 nömrəli tam orta məktəbi və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyi təmsil edən Reyhan Camalova və Zəhra Qasımzadə, kompüter elmləri istiqaməti üzrə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseydən Ruslan Bayramov, riyaziyyat istiqaməti üzrə Bakı Avropa liseyi və Bakı Avropa məktəbindən Rüstəm Abdullayev və Zamin Hüseynli, biologiya istiqaməti üzrə Bakı şəhəri 177 nömrəli tam orta məktəbin və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Vaqif  Məmmədzadə və Seyidcan Nurullayeva, fizika və astronomiya istiqaməti üzrə Bakı şəhəri 6 nömrəli tam orta məktəbi təmsil edən Nigar Baxşəliyevanın adı var.

 Qızıl medallı "Sabahın alimləri”

 Riyaziyyat istiqaməti üzrə Rüstəm Abdullayev və Zamin Hüseynli riyazi teoremlərin isbatını daha asanlaşdıran və sürətləndirən kompüter proqramları təklif edirlər. Bu proqramı gələcəkdə digər fənlərlə də əlaqələndirib yeni isbat alqoritmləri əlavə etməyi düşünürlər. Rüstəm deyir ki, Amerikaya gedəcəkləri üçün çox həyəcanlıdırlar:

"Layihəmizin layiqli bir iş olduğuna inanırdıq. Təbii ki, Amerikaya getməyin xəyalını da qurmağa başlamışdıq. Ancaq bu qədər əmin deyildik və siyahıda adımız çıxana qədər çox böyük həyəcan keçirdik”.

Zamin Amerika səfərinə ideyalarını dünyaya çatdırmaq üçün bir vasitə kimi baxır: "Layihəmizi, fikirlərimi yaşıdlarıma, daha ağıllı insanlara çatdıracağam. Yeni dostlar, tanışlıqlar qazanacağam. Bu, öz üzərimdə işləməyim, inkişaf etməyim üçün böyük qazanc olacaq”.

283 nömrəli məktəbin X sinif şagirdi Reyhan Camalova və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin şagirdi Zəhra Qasımzadənin adını "Sabahın alimləri” cərgəsində eşitmək heç təəccüblü deyil. Yağış suyundan enerji istehsal edən ixtiraçılar yağış suyundan potensial enerji kimi istifadə etməyin yolunu tapıblar. Nəticədə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıblar. Bu layihə yağışlı ölkələrin ucqar bölgələrində yaşayan insanların enerjiyə əlçatanlığını artırır. Layihə ilə öz adlarını nəinki Azərbaycanda, bütün dünyada tanıtdıran ölkə məktəbliləri bu son uğuruna da biganə yanaşmır, əksinə, daha çox sevinirlər. Xatırladaq ki, "Sabahın alimləri” müsabiqəsində xüsusi təqdimatla çıxış edən məktəblilərimiz bu yarışda da fərqlənməyi bacarıblar. "Sabahın alimləri”ndə ilk dəfə iştirak edirdik. Bu müsabiqə bizim üçün tamamilə fərqli arena idi. Çünki indiyədək layihəmizi daha çox biznes yönümlü yarışmalarda təqdim etmişik. Bu dəfə isə elmi yönümlü bir yarışa qatıldıq və bu, bizim üçün tamamilə fərqli təcrübə idi”, - deyən R.Camalova eyni səviyyəli, düşüncəli, dünyagörüşlü uşaqlarla tanışlıq və dostluq qurmalarının bu müsabiqənin onlar üçün yaratdığı çox böyük qazanc olduğu qənaətindədir: "Münsiflər heyətinin layihə ilə bağlı verdiyi məsləhətlər isə gələcəkdə layihəmizi inkişaf etdirməkdə, o cümlədən başqa layihələr işləyərkən işimizə yarayacaq. Məncə, bu, çox önəmli faktordur”.

Qələbələrinə sevinmələrinin isə çox səbəbi var: "Doğrudur, layihəmizin uğurları çoxdur. "Qlobal Sahibkarlıq Sammiti 2017”-də böyük marağa səbəb olub. Ancaq bizə xoşdur ki, bu layihə ilə "Sabahın alimləri” müsabiqəsində də qalib olduq. Adımız açıqlananda az qala ürəyimiz yerindən çıxacaqdı. Vətənimizin diqqətini hiss etmək bizim üçün daha böyük sevinc idi. Təbii ki, ona görə də sevinirik ki, doğma Azərbaycanımızı "İntel İSEF”-də təmsil etmək bizə nəsib oldu. Amerikada da uğurlu nəticələrimiz olacağına inanırıq”.

Amerikaya qədər isə onlar layihələrini təkmilləşdirməyi düşünürlər: "Prototip üzərində işləyəcəyik. Slayd, çıxışımız üzərində işləyəcək, daha mükəmməl olmasına çalışacağıq”.

Müsabiqənin finalındasınızsa...

"Bu müsabiqənin finalındasınızsa, deməli, layihələriniz orijinallığı, özünəməxsusluğu, yaradıcılığı ilə seçilir”, - deyərkən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə balaca ixtiraçıların ondan gözlədiyi xoş sözü söyləməyə çalışmırdı, iki gün əvvəl stendlərdə gördüyü ixtiralara real qiymət verirdi: "İnanıram ki, bu iştirak sizin üçün xoş bir xatirə kimi qalmayacaq, həm də elmə olan marağınızı inkişaf etdirəcək, sabahın alimləri sırasında olacaqsınız!”

M.Vəliyevanın fikrincə, "Sabahın alimləri”ndən biri olmaq həm də ölkə məktəblilərinin müasir dünyanın əsas çağırışlarından xəbərdar olması deməkdir:

"Təşəbbüskar, yaradıcı-innovativ olmaq, fərqlənmək, seçilmək, komanda işində uğur qazanmağa çalışmaq, fikirlərini paylaşmağı, başqalarının fikrini qəbul etməyi bacarmaq kimi keyfiyyətləri özündə formalaşdırmaq müasir çağırışlardır. Müsabiqədə nailiyyətiniz sizin bu çağırışlara cavab verdiyinizin göstəricisidir”.

Təhsil nazirinin müavini gənclərin potensialından düzgün istifadə edilməsi və onun düzgün istiqamətləndirilməsinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu da dedi: "Azərbaycan gənclərinin tədqiqatçılıq bacarığının, elmə marağının artırılması, xarici dilləri öyrənməsi üçün imkanlar genişləndirilir. Bacarıqların inkişaf etdirilməsi müasir dünyanın tələblərindən biridir. Təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Ona görə də şagirdlərdə düzgün qərar vermək, tədqiqat aparmaq kimi bacarıqların formalaşdırılması əsas məqsəd kimi qarşıya qoyulub. Bu məqsədə nail olmaq üçün bugünkü imkanlardan maksimum yararlanmağımız gələcək üçün qarşınızda daha böyük imkanlar açılmasına gətirib çıxarır”.

Azərbaycan gənclərinin təhsil və elm sahəsində inkişafına yönələn dövlət proqramlarını xatırladan nazir müavini "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğu qənaətindədir: "Əminəm ki, dövlətin həyata keçirdiyi bu işlərin nəticəsi olaraq gənclərimiz onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar”.

 

Məktəblilərin həyatının ən önəmli müsabiqələrindən biri

 

Müsabiqənin keçirildiyi ilk illərdən təşkilati dəstəyini əsirgəməyən Gənclər və İdman Nazirliyi bu ənənəni davam etdirmək niyyətindədir. "Sabahın alimləri”nin uğurları artdıqca, dəstək verənlərin ümidləri də artır. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev əminliklə hesab edir ki, "Sabahın alimləri” müsabiqəsi iştirakçı məktəblilərin həyatının ən önəmli müsabiqələrindən biridir. Nazir müavini təmsil etdiyi qurumun bu müsabiqə iştirakçılarının daim yanında olduğunu bildirərək istək və arzularını reallaşdırmaq üçün lazım olan dəstəyi göstərməyə hazır olduqlarını deyir.

Elmlə ən istedadlılar məşğul ola bilirlər

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev hesab edir ki, "Sabahın alimləri” şagirdlərin elmi inkişafında ən uğurlu layihələrdən biridir. O, 2017-ci ildən bu yana ölkə məktəblilərinin beynəlxalq bilik və elm yarışlarında qazandığı uğurlara diqqət çəkərək deyir: "Elm və təhsil qoşa qanaddır. Elmi seçən şagirdlərə biz çox böyük ümidlər bəsləyirik. Müasir dövr çox fərqlənir.  Bu dövrdə elm çox sürətlə inkişaf edir. Elmlə məşğul olmaq asan məsələ deyil. Ona görə də hər kəs elmlə məşğul ola bilmir. Elmlə ən istedadlılar, yüksək  intellektli insanlar məşğul ola bilirlər”. Bunlar nəzərə alınaraq bu müsabiqənin iştirakçıları arasında Azərbaycanın adını elm sahəsində yüksəldəcək alimlər yetişəcəyinə ümid edilir.

"Müasir texnologiyaların istifadəçisi deyil, yaradıcısına çevrilin”

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev hesab edir ki, IV sənaye inqilabı dövründə yaşadığımızdan, dövrün tələbləri ilə ayaqlaşmaq üçün istedadlı alimlərə, yenilikçi kadrlara ehtiyac var. "Sabahın alimləri” məhz bu tələblərə hazırlığın tərkib hissəsidir. Müsabiqə iştirakçılarına "Müasir texnologiyaların istifadəçisi deyil, yaradıcısına çevriləsiniz”, - deməklə şagirdlərin boynuna böyük məsuliyyət qoydu: "Hələlik isə bu və bu kimi müsabiqələrdə fəallıq göstərmək, uğurlar qazanmaq əsas hədəf olmalıdır. Müsabiqələrdə iştirak edib beynəlxalq əhəmiyyətli yarışlarda özünüzü və ölkəmizi tanıtdırmağınızı, əldə etdiyiniz nailiyyətlərə sevinib və bizi sevindirməyinizi arzulayıram”.

Göstərilən qayğı bundan sonra daha mütəşəkkil formada davam edəcək

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva  son 15 il ərzində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrə diqqət çəkir. "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, xüsusi qayğıya ehtiyacı olan gənclərə dəstək proqramları çərçivəsində Azərbaycanda 1 milyondan çox uşağa qayğı göstərilib. Göstərilən qayğı bundan sonra daha mütəşəkkil formada davam edəcək.

"Sabahın alimləri” müsabiqəsinin yeni dəstəkçiləri

7 ildir ki, iştirakçısı artmaqda olan "Sabahın alimləri” müsabiqəsinin ərsəyə gətirdiyi məktəbli ixtiraçıların sayı ildən-ilə artır. Maraqlısı odur ki, ixtiraçı iştirakçıların sayı artdıqca, onların uğuruna sevinənlərin, onlara dəstək vermək istəyənlərin də sayı artır. Qalib məktəblilərin uğuruna sevinənlər müsabiqəyə dəstək verən qurumların sayında da özünü göstərir. Bu siyahıda adı ilk dəfə səslənən BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı təmsil etdiyi şirkətin təhsilə verdiyi dəstəklə möhkəmləndiyini söyləyir. Onun sözlərinə görə, təhsilə dəstək BP şirkətinin sərmayə qoyduğu sahələrdən biridir: "Məhz təhsilə dəstək bizə imkan verir ki, bu ölkədə uzun müddət fəaliyyət göstərə bilək. İndi universitet tələbəsi olan oğlan və qızlar sabah BP-nin işçisi ola bilər. BP-nin Azərbaycanda tətbiq etdiyi texnologiyaları işlədən hər hansı mütəxəssis isə dünyada ən yaxşı mütəxəssis hesab olunur. Ona görə də BP təhsilə dəstəkdə maraqlıdır. Dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirməyə bundan sonra da davam edəcəyik”.

Tamam Bayatlı "Sabahın alimləri” müsabiqəsinin onların məmnuniyyətlə dəstək verdiyi müsabiqələrdən olduğunu bildirib: "Çünki aranızda BP-nin işçisi ola biləcək innovativ fikirli, yeni texnologiyalarla işləyə bilən, qabaqcıl gənc ola bilər. Digər  tərəfdən isə elə alim, ixtiraçı ola bilərsiniz ki, ixtiranız Azərbaycan iqtisadiyyatının sütunu hesab olunan neft və qaz sənayesində tətbiq olunaraq bu sənayeni inkişaf etdirər. Biz də bir şirkət olaraq bu ixtiradan faydalana bilərik”.

Azərbaycan təhsilində keyfiyyət yüksəlişinə diqqət çəkən T.Bayatlı belə bir müqayisə aparıb: "Bir faktı qeyd edim ki, BP Azərbaycana gəldiyi ilk illərdə Azərbaycan ali məktəblərinin məzunları arasından işçi götürə bilmirdi. Yerli universitetlərin məzunları dünya səviyyəsində olan texnologiyaları işlədə bilmirdilər. Ona görə də məcbur olub Avropada təhsil almış gəncləri işə götürürdük. Artıq vəziyyət dəyişib. Son bir neçə ildə işə götürülənlər əsasən Bakıdakı ali məktəblərin  - Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, UNEC və başqa universitetlərin məzunlarıdır. Kifayət qədər gərgin və yüksək səviyyədə keçirilən müsabiqələrimizdə elə Avropa, Türkiyə universiteti məzunları ilə eyni səviyyədə nəticələr göstərir, hətta onlardan daha yüksək göstəricilərlə şirkətimizə işə girirlər. Əminik ki, aranızdan məhz belə mütəxəssislər çıxacaq”.

 Onlar nailiyyətlərini davam etdirirlər

 Məlumat üçün qeyd edək ki, keçirildiyi 7 il ərzində "Sabahın alimləri” müsabiqəsində 1187 şagird iştirak edib. Həmin şagirdlər təhsildə müxtəlif uğurlara imza atmağa davam ediblər. Məsələn, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş "Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olublar. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər. Bu da o deməkdir ki, "Sabahın alimləri”nə qatılıb uğur qazananlar sadəcə ixtiraçılığa, elmi araşdırmalara həvəsli deyillər, həm də müvafiq elmi-nəzəri biliklərə yiyələnirlər.






Загрузка...
Həmçinin oxuyun:
“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Trampın qızını təəccübləndirən Reyhana vəzifə verildi

Trampın qızını təəccübləndirən Reyhana vəzifə verildi

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Beynəlxalq qrant müsabiqəsinin nəticələri AÇIQLANDI

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Mehriban Əliyeva: Hədəfimiz universitetlərdə tədrisin keyfiyyətini artırmaqdır

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

İllik  hesabat   AÇIQLANDI

İllik hesabat AÇIQLANDI

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Prezidentin qızını heyran edən Reyhan kimdir?

Prezidentin qızını heyran edən Reyhan kimdir?

Bakı Mühəndislik Universtetinin yaranmasından bir il ötür

Bakı Mühəndislik Universtetinin yaranmasından bir il ötür

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI