Ziyalılar
05 iyul 2016
4 492


“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

 

 

Aman, ay ayrılıq
Bir ailədə iki oğlan uşağı dünyaya gəldi, bir-birlərini o qədər sevirdilər ki, bir an bir-birini görməyəndə darıxar, axtarıb tapar,dərdlərini bir bölüşərdilər.Qardaşlar böyüdükcə,valideynləri onlara baxıb fəxr edirdilər. Bir-birlərinə istiqanlıqda özlərinin düzgün tərbiyəsini göstərirdilər.
Vaxt keçdi,qardaşlar böyüdü.Artıq hər biri bir sənət sahibi idilər. Ailə qurduqdan sonra, yeni həyat, valideyn məsuliyyəti onları bir daha yaxınlaşdırdı. Eyni halal süfrədən qidalanan qardaşlar, özləri üçün yeni halal süfrə qurmaqla, dünyaya gətirdiyi övladları öz adlarına uyğun böyütməyə çalışırdılar.
Amma onlar bilmirdilər ki, yaşadıqları həyatda , keşməkeşli, çətin zaman ilə qarşılaşacaqlar. Bəli, hər bir qardaşın tale yüklü günləri heç də yaxşı keçmədi. Bir qardaş maddi cəhətdən, digəri isə mənəvi aşınmalara məruz qaldılar.
Qardaşlardan birinin adı Sərvər , o birinin adı isə Salam idi.Salam o qədər me hriban, səmimi insan idi ki, hər bir adamın çətinliyini tez bir zamanda aradan qaldırmaq, kimlərə isə lazımi maddi yardım göstərməyi özünə borc bilirdi.
Amansız xəstəlik Salamı bir neçə dəfə dünyadan köçürməyə çalışsa da, ilahinin gücü ilə xəstəliyə qalib gəlir, öz işlərini arzusuna uyğun həyata keçirirdi. Vaxt gəldi, Salamın səhhəti o qədər çətinləşdi ki, o , hətta bir addım da olsun hərəkət edə bilmədi. Bu vəziyyət onun valideynlərini nə qədər məyus etsə də, Sərvərə daha çox təsir edirdi.Sərvər qardaşını ölümün pəncəsindən almaq üçün bir yol axtarırdı. O, elə bir fikrə gəldi ki, Salamın vəziyyəti ağır olsa da, onu xarici ölkəyə müalicəyə aparmalıdır. Bu barədə Sərvər, valideynlərinə danışdıqda , valideynləri , Salamın vəziyyətinin çox ağır olması, onun hərəkət edə bilməməsi və ürəyində olan qüsurlara görə razılıq vermədilər. Bunlara baxmayan Sərvər isə, gözləri qarşısında ölümlə çarpışan qardaşını çox çətinliklə Bakı şəhərinə xəstəxanaya gətirdi. Həkimlər onun müalicəsinin qeyri-mümkünlüyünü bildirib, rayona qaytarmağı məsləhət bildilər. Sərvər isə Bakı şəhərindən Moskvaya təyyarə bileti alıb, ora getməyə qərar verdi. Bu , Sərvər üçün son ümid yeri idi. Bəli, çətinliklə, Sərvər Salamı hava limanına aparıb tibb işçilərinin köməyi ilə təyyarəyə mindirdi. Xeyli uçuşdan sonra, Salamın vəziyyəti ağırlaşdı.Bakıdan Moskvaya uçan təyyarənin heyəti, əsl insanlıq göstərərək ,təyyarəni Rostov hava limanına endirdilər və dərhal köməkçi həkimlər çağırdılar. Həkimlərin ilk yardımından sonra, Salam özünə gəldi. Xeyli vaxtdan sonra, təyyarə yenidən havaya qalxdı. Sərvər Moskva şəhərində tanıdığı bir həkimə müraciət etdi. Həmin həkim, tanınmış professor Rim Konstantinoviç Pavlova zəng edib ondan xəstənin müalicəsinə, köməklik göstərməyini xahiş etdi. Sərvər Salamı çox çətinliklə professor R.K.Pavlovun klinikasına gətirdi. Professor ona diqqətlə baxıb: -Hələlik heç bir söz deyə bilmərəm, bütün analizlərin və tibbi müayinələrin cavabından sonra nə isə demək olar.- dedi. Professor Salamın belə xəstə olmasına çox təəssüfləndiyini bildirdi və ümidverici baxışları ilə Salama baxdı. Rim Konstatinoviç Salamı klinikanın beşinci mərtəbəsində yerləşən palataların birində yerləşdirməyi növbətçi həkimə tapşırdı.
Bir həftə keçdi. Salama gündəlik baş çəkən Sərvər, onda irəliləyişin olmasını hiss edib, daxilində sevinirdi. Əməklə müalicə üsulunu üstün tutan professor bir aydan sonra Salamın yaşayacağını Sərvərə söylədi. Sərvər həmin gün o qədər ki, elə bil dünyanı ona bağışlamışdılar.
Nəhayət, Salam tamamilə sağaldı. Xəstəxanadan ayrılıb, evinə döndü. Üç uşaq atası olan Salamı , elə ilk olaraq uşaqları qarşıladı. Ataları ilə qucaqlaşan, yenidən ata nəfəsini öz üzərlərində duyan bu körpələrin gələcəyə inamı artdı.
Salam xəstəxanadan qayıtdıqdan sonra tez-tez ağır günlərini yada salıb kövrəlirdi. Sərvər isə Salamın o günlərə qayıtmaması üçün əlindən gələni edirdi. Lakin bədbinlik, sanki Salamın qəlbində özünə yuva qurmuşdu. Bir müddət belə keçdi. Salam bu müddət ərzində elə bir mühitə düşmüşdü ki, insanlardan kənarlaşmağa, tənhalığa daha çox üstünlük verir, cəmiyyətdən özünü təcrid etməyə çalışırdı. Sərvər bu hissləri Salamda hiss etdiyi üçün Salamın ailəsinə onu tənha buraxmamağı tövsiyyə edirdi. Lakin Salamda qalxan bu hisslər ,onu yenidən xəstəliyə düçar etdi. Artıq bu xəstəliyin qarşısını almaq mümkün olmadı. Salam gənc yaşlarında dünyadan köçdü. Salamın dünyadan köçməsi bütün onu tanıyanları məyus etdi.
Salamın vəfatından qırx gün keçdi. Bu qırx gündə Sərvərin saçlarına sanki qar ələnmişdi. Qardaşının ölümündən sonra Sərvər özünə gələ bilmir, həyatın mənasız və ucuz olmasını qəlbinə həkk etmişdi. Qardaş ayrılığından sonra, Sərvər hər gün onun məzarına baş çəkir, məzarda yatan Salamla ruhən dərdləşirdi və -aman,ay ayrılıq-deyərək hönkürürdü.
Kainat boşluğa döndü,
Ulduzu tükəndi,Günəşi söndü,
Mənə,həyatım da ucuz göründü 
Səni son mənzilə yola salanda
Qəfil qırıldı ruhumun simi
Sahibsiz bir kaman kimi
Basmışdım qəlbimə qüssəni qəmi,
Səni son mənzilə yola salanda
Belə qara imiş torpağın üzü
Altında əzizi,üstündə izi
Yaman yol çəkirdi, Sərvərin gözü
Səni son mənzilə yola salanda
"Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”
Soltanağa Cəfərov Masallı RTŞ-nin böyük məsləhətçisi.
Məqalə Göndər








Загрузка...