Xəbərlər
28 mart 2017
2 786


ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

 

Martın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikası (ÇXR) arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş "Azərbaycan-Çin əlaqələri: tarix, müasirlik, perspektivlər” mövzusunda elmi seminar keçirilib.
 
Seminarın açılışında Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan-Çin əlaqələrinin inkişafının əsas tarixi mərhələləri haqqında məlumat verib, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Çinə Böyük İpək Yolu ilə bağlı iki ölkə arasındakı çoxşaxəli əməkdaşlığın təməlini qoyan tarixi səfərindən danışıb.
 
Seminarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, professor Həsən Əlibəyli Azərbaycanın müstəqil xarici siyasətinin strateji istiqaməti haqqında danışaraq, Şərq ölkələri ilə Azərbaycanın qonşuluq və qarşılıqlı faydalı münasibətlərinin inkişaf xüsusiyyətlərini qeyd edib.
 
Seminarda çıxış edən universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov ölkənin milli maraqlarının təmin edilməsi, onun qlobal və regional mövqelərinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətinin prioritetləri barədə danışıb.
 
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri və tarixi şöbəsinin rəhbəri Fərda Əsədov Çin ilə Ərəb xilafəti və türk tayfaları arasındakı münasibətləri müəyyənləşdirən əsas amillər, Böyük İpək Yolunun Yaxın Şərq xalqlarının Çin ilə tanışlığındakı rolu haqqında məlumat verib.
 
Çinin Azərbaycandakı səfirliyinin müşaviri Li Tzinsunun da iştirak etdiyi seminarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərlərinin videogörüntüləri nümayiş etdirilib.
 
Sonda qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətlərinin genişlənməsi istiqamətində fəaliyyətinə həsr olunmuş "İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı Çin dilində nəşr olunmuş kitab hədiyyə olunub.
 
moderator.az
Məqalə Göndər








Загрузка...