Valideyn
23 may 2016
13 995


Ailə tərbiyəsində əsas vəzifələr -

Ailə tərbiyəsində əsas vəzifələr  - Ailə tərbiyəsində əsas vəzifələr 
Şəxsiyyətin əsasını qoyan cəmiyyətin struktur vahidi ailədir. Ailə qan və qohumluq münasibətləri ilə ər-arvadı, uşaqları və valideynləri birləşdirir. İki insanın nigahı hələ ailə demək deyildir, ailə uşaq doğulduqdan sonra yaranır. İnsan nəslinin yaradılmasında, uşağın doğulmasında və tərbiyəsində ailənin əsas funksiyaları özü­nü büruzə verir. Ailə insanların elə bir sosial-pedaqoji qrupudur ki, bu onların optimal tələblərini ödəmək, nəsil davam etdirmək, onun qorunmasına xidmət etmək və onun hər bir üzvünün özünütəsdiqi (özünəhörməti) deməkdir. 
Ailə dedikdə, heç də insanın yaşadığı otaq nəzərdə tutul­mur. Burada hisslər, maraqlar, ailə üzvlərinin daim gözlənildiyi sevimli yer, sevənlərin, bir-birini başa düşənlərin, bir-birini müdafiə edənlərin yaşadığı bir məkan nəzərdə tutulur.
Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur. Bütün şəxsi, mənəvi, əxlaqi key­fiy­yətlər öncə ailədə formalaşır. Ailənin şəxsiyyətin inkişafında, bö­yü­yən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ailə tərbiyəsi kon­kret ailədə valideynlərin və qohumların köməyi nəticəsində yaranan tərbiyə və təhsildir. Ailə tərbiyəsi mürəkkəb sistemdir. Həm irsi, həm də bioloji amillər uşaqların və valideynlərin sağlamlığına təsir edir, maddi-texniki təminat, sosial vəziyyət, həyat şəraiti, ailə üzv­lə­ri­nin sayı, ailənin yaşadığı yer, uşağa münasibət və s. bütün bun­ların hamısı üzvi surətdə hər bir konkret halda ailədə özünü göstərir.
Ailə tərbiyəsinin məzmunu tərbiyənin bütün istiqamətlərini özündə əhatə edir. Ailədə fiziki, estetik, əmək, əqli və uşaqların mə­nəvi tərbiyəsi həyata keçirilir və yaş artdıqca onun özü də dəyişir. İm­kan daxilində ailələr və ailəyə yaxın olanlar uşaqlara tə­biət, cə­miy­yət, texnika haqqında biliklər verir, onlarda yaradıcılıq fəaliy­yəti, təcrübəsi formalaşdırır, bəzi intellektual vərdişlər, nəhayət, on­lar­da həyata, dünyaya, insanlara, peşəyə münasibət tərbiyə edirlər. Ailə tərbiyəsində əsas yeri mənəvi tərbiyə tutur.
Ailədə ilk növbədə müsbət keyfiyyətlərin tərbiyə olun­masına, xüsusilə - xeyirxahlıq, diqqətlilik, qayğıkeşlik, böyük­lərə, vali­deyn­lərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğ­ruçuluq, əməksevərlik, vətənpərvərlik kimi mənəvi, əxlaqi key­fiy­yətlərin tərbiyə olunmasına fikir verilməlidir.
Piralı Əliyev

Məqalə Göndər








Загрузка...